Əbülfəz Qədirqulu oğlu Elçibəy, 24 İyun 1938-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin (Universitet yaxın vaxtlara qədər M.Ə.Rəsulzadə-nin adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 – X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olur və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayəb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi-alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).Elçibəy 1975-ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 İyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. 1976-cı ilin Dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutu-nda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrinə qədər yüksəlir (16.07.1992-ci ilədək).Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40’dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun “Elmi əsərlər»ində, EA-nın “Xəbərlər»ində, “Əlyazmalar xəzinəsində» toplusunda və b. nəşrlərdə çıxan Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması (1967), Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair (1968), 9-10’cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında (1971), Tulunilər dövləti və Qərmətilər (1971), Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair (1971), 9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət (1972), Hənəfilik və onun əsas qaydaları (1986), Əhməd Tantarani Maraği və onun Tantaraniyyə qəsidəsi (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: Tolunoğulları dövləti (868-905) (İstanbul, 1997) və Bütöv Azərbaycan yolunda (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.Əbülfəz Elçibəy, hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1988’ci ildə Azərbaycan Xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (İyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 Oktyabr 1991).7 İyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Keçmiş Sovet respublikaları arasında birinci olaraq Rus ordusunun Azərbaycan-dan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli azadlıq hərəkatının, milli demokratik prosesin məntiqi nəticəsi idi.Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd qoşunlarımız təşəkkül tapdı.Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Bu, Azərbaycanın gələcəyinə böyük ümidlər doğururdu. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Manat artıq ümumqafqaz valyutasına çevrilmişdi.Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atıldı. Siyasi partiyalar və ictimai təşkilatlar haqqında, kütləvi informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm buzunu sındırdı. Həmin qanunlar əsasında 30’a qədər siyasi partiya, 200’dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyi’nin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyi’nin tabeliyinə verildi.Ə.Elçibəy-in prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlöt əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də varsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.Gələcək nəslin zamanın tələblərinə uyğun inkişafına zəmin yaradan elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Yüzlərcə gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı. Müstəqil Azərbaycanın orta məktəbləri üçün milli ideologiyamıza və dövlətin mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması sahəsində inqilabi dəyişikliklər həyata keçirildi. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içərisində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu. (Unutmayaq ki, Azərbaycanın təhsil tarixində heç vaxt bir ildə 10-dan artıq tam yeni dərslik yazdırılmayıb). Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat – “Öyrətmən” yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də, nəhayət, nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı. Azərbaycanda müharibənin davam etməsi mədəniyyətə lazımi səviyyədə qayğı göstərmək imkanlarını xeyli məhdudlaşdırmışdı. Bununla belə, prezident müxtəlif vasitələrlə mədəniyyətin tənəzzülünün qarşısını almağa cəhd göstərirdi. Hərbi şəraitin çətinliklərinə, keçmiş kommunizm sistemindən miras qalmış problemlərin ağırlığına, parlamentin əsasən keçmiş kommunistlərdən ibarət mühafizəkar hissəsinin kəskin müqavimətinə baxmayaraq, bir illik hakimiyyət ərzində (15 May 1992-ci il – 17 İyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi və bununla da demokratik, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyuldu.Əbülfəz Elçibəy 1993-ün İyununda hakimiyyətdən uzaqlaşaraq səlahiyyətlərini ex-prezidentimiz Mərhum Heydər Əliyevə təhvil verərək doğma Kələki kəndinə getdi. 1997ci ilin 30 Oktyabrında Bakı-ya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat” adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi 1997.Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri Bu mənim taleyimdir (Bakı, 1992), Deyirdim ki, bu quruluş dağılacaq (Bakı, 1992), Demokratiya və azadlıq (İstanbul, 1992), Bütöv Azərbaycan yolunda (İstanbul, 1998), Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam! (Bakı, 2002), Elçi düşüncələri (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran K.V.Nərimanoğlunun Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy (İstanbul, 1992), A.Səmədoğlunun Elçibəy və Azərbaycan (İstanbul, 1994), F.Qəzənfəroğlunun Əbülfəz Elçibəy. Tarixdən gələcəyə (İstanbul, 1995), Ə.Tahirzadənin Elçi Bəy (Bakı, 1999), Elçibəylə 13 saat üz-üzə (Bakı, 1999; İstanbul, 2001), Prezident Elçibəy (Bakı, 2001), O.Məmmədovun Elçibəy ilə birlikdə otuz il (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb olub. Əbülfəz Elçibəy Məmmədəmin Rəsulzadə yolunu davam etdirirdi. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın böyük oğlu Əbülfəz Elçibəy 22 Avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib.