Şimali Azərbaycan Rusiyaya ilhaq olunduqdan sonra Naxçıvan xanlığı ləğv edilmiş, 1828-ci ilin martında yaradılan “Erməni vilayəti”nin tərkibinə verilmişdi. 10 aprel 1840-cı il islahatı haqqında qanununa əsasən Naxçıvan əyaləti əsasında qəza yaradılmışdı (1841-ci il yanvarın 1-dən qüvvəyə minmişdi). 1849-cü ildə İrəvan quberniyası yaradıldıqda Naxçıvan qəzası onun tərkibinə daxil edilmişdi. Rusiya işğalı ərəfəsində Naxçıvan xanlığının ərazisi təxminən 4500 kv.verst (1 verst=1,0668 km)olduğu halda, sonralar onun torpaqları xüsusi məqsədlə digər inzibati vahidlər arasında bölüşdürüldü. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasının sahəsi 3939 kv.verst, yəni xanlığın ərazisindən 561 kv.verst az idi. Həmin dövrdə qəzada 122208 nəfər əhali yaşayırdı. Qəza əhalisinin 66117 nəfəri (54,1%) kişi, 56091 nəfəri (45,9%) qadın, 119272 nəfəri yerli sakin, 2936 nəfəri müvəqqəti yaşayanlar idi. Naxçıvan xanlığı Rusiyanın tərkibinə qatıldığı dövrdə (sonra Naxçıvan əyaləti və Ordubad dairəsi) burada təxminən 29463 nəfər (köçürülüb gətirilmiş ermənilərin sayı çıxılmaqla) əhali yaşayırdı. Çarizmin Türkmənçay müqaviləsindən (1828) sonra həyata keçirdiyi kütləvi erməni köçürmələri zamanı buraya 12 min (oradakı əhalinin 40,7%-i qədər) erməni gətirilmiş, nəticədə əhalinin etnik tərkibində dəyişiklik yaradılmışdı. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasında azərbaycanlıların sayı 70 min (57,3%) təşkil edirdi. Bu onu göstərirdi ki, çarizmin bütün cəhdlərinə baxmayaraq, Naxçıvan qəzasını erməniləşdirmək siyasəti boşa çıxmışdı.
Çar hökuməti burada qəza idarə sistemi yaratmışdı. Qəzanın təsərrüfat həyatında aqrar bölmə (əkinçilik, bağçılıq, maldarlıq və s.) əsas yer tuturdu. Duz istehsalı da inkişaf etmişdi. Eyni zamanda, ipəkəyirmə, pambıqtəmizləmə müəssisələri fəaliyyət göstərirdi. 19-cu əsrin 60-70-ci illərində Tiflis-İrəvan-Naxçıvan, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Yevlax-Şuşa-Gorus-Naxçıvan şose yolunun çəkilməsi iqtisadi əlaqələri genişləndirdi. 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti istifadəyə verildi. Sosial-siyasi və mədəni həyatda da müəyyən dəyişikliklər baş verdi. 1837-ci ildə Naxçıvanda qəza məktəbi açılmışdı. Çar Rusiyası tərəfindən ermənilərin Naxçıvana köçürülməsi ilə yanaşı, ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti qəzada ağır vəziyyət yaratdı. Ermənilər 1905-06-cı illərdə Naxçıvan qəzasında yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər. Nəticədə, 1897-ci illə müqayisədə Naxçıvanda azərbaycanlıların sayı 31.279 nəfər (34,6%) azalmışdı. Təbii artım da nəzərə alınsa, erməni soyqırımı nəticəsində Naxçıvanda azərbaycanlıların sayı iki dəfə aşağı düşmüşdü.
Rusiyada Müvəqqəti hökumət dövründə fəallaşan ermənilər Oktyabr çevrilişindən (1917) sonra Naxçıvanda yeni qırğınlar törətməklə yenidən etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Xüsusi Zaqafqaziya komitəsi (1917, mart-noyabr) və Zaqafqaziya komissarlığı (1917, noyabr – 1918, aprel) orqanları bu qırğının qarşısını almaqda fəallıq göstərmədi. Türk ordusunun bölgəyə daxil olması Naxçıvanın həyatında mühüm hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması (1918, 28 may) dövlətin ərazi bütövlüyü uğrunda mübarizəni gücləndirdi. Lakin Mudros barışığına (1918) əsasən, türk ordusunun Azərbaycanı, o cümlədən Naxçıvanı tərk etməsi vəziyyəti yenidən mürəkkəbləşdirdi. Bölgə əhalisini qırğınlardan xilas etmək məqsədilə Naxçıvan – Şərur-Dərələyəz və Ordubad qəzalarını, həmçinin Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və başqa əraziləri əhatə edən məhəlli Araz-Türk Respublikası (1918, noyabr – 1919, mart) quruldu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bölgədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə 1919-cu il 28 fevral tarixli qərarı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaratmışdı. Türklərin bölgəni tərk etməsindən sonra burada fəallaşan ingilislər Naxçıvanda təxminən iki ay müddətinə (1919, may-iyul) erməni idarəçiliyi qurmağa nail oldular, lakin xalqın qətiyyətli müqaviməti nəticəsində onun faktik fəaliyyətini təmin edə bilmədilər. İyulun sonlarında ermənilər Naxçıvandan qovuldu. Ermənilərin Naxçıvanda qısa müddətdə idarəçilik cəhdi bölgəyə ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bölgədə möhkəmlənmək tədbirlərini davam etdirirdi. 1919-cu ilin avqustunda Səməd bəy Cəmillinski Cənub-Qərbi Azərbaycan general-qubernatoru təyin olundu. Qubernatorluğun iqamətgahı qısa bir müddətdə Ordubadda olsa da, tezliklə Naxçıvan şəhərinə köçürülmüşdü. Lakin ABŞ-ın bölgə üzərində Millətlər Cəmiyyətinin mandatını alması ilə yeni vəziyyət yarandı. 1919-cu ilin iyulunda müttəfiqlərin Ermənistanda ali komissarı təyin edilmiş amerikalı polkovnik Y.Haskel avqustun 26-da Bakıya gəldi. O, Şərur və Naxçıvandan ibarət neytral zona yaradılması ideyasını irəli sürdü. Haskel oktyabrın 24-də polkovnik Edmund Dellini Amerika general-qubernatoru təyin etdi, lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli əhalinin səyi nəticəsində bu niyyət baş tutmadı. Naxçıvanda, yalnız Paris sülh konfransının (1919-20) nümayəndəsi kimi fəaliyyətə başlayan Delli az sonra, bütün Amerika zabitləri isə, 1920-ci ilin əvvəllərində Naxçıvanı tərk etdilər. Amerika general-qubernatorluğu ideyası baş tutmasa da, müttəfiq qoşunlarının Ali komissarlığının qərargah rəisi Haskel Parisə qayıtdığı üçün onu əvəz edən C.Rey noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında beş maddədən ibarət saziş imzalanmasına nail oldu. Azərbaycan hökuməti sazişə inanaraq, hərbi qüvvələrini Zəngəzurdan çıxardı. Bununla da, Naxçıvan erməni-daşnak hərbi birləşmələrinin hücum təhlükəsi ilə üz-üzə qaldı. 1920-ci ilin əvvəllərində ermənilərin hücumu daha da gücləndi, yüzlərlə azərbaycanlı qətlə yetirildi. Sovet Rusiyasının 11-ci Qırmızı ordu hissələrinin Azərbaycana hərbi müdaxiləsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu (1920, 28 aprel) regionda vəziyyəti yenidən dəyişdi. Sovet qoşunları iyulun 28-də Naxçıvanı ələ keçirdi, Naxçıvan İnqilab Komitəsi yaradıldı. Sovet Rusiyası Ermənistanın sovetləşdirilməsindən sonra (1920, noyabr) Naxçıvan torpaqlarının Azərbaycandan qoparılması siyasətini həyata keçirməyə çalışırdı. Naxçıvanın taleyini Moskva və Qars müqavilələri (1921) qəti şəkildə həll etdi. Naxçıvan qəzasının ərazisi Naxçıvan Sovet Sosialist Respublikasının (1920-23), Naxçıvan Muxtar Diyarının (1923-24), 1924-cü il fevralın 9-dan isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu.
Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5988 kv.km müəyyən edilmişdi. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən Qorçevan, Qurdqulaq, Horadiz, Ağxəç, Oğbin, Almalı, İtqıran, Sultanbəy kəndləri, həmçinin Kilit kəndi torpaqlarının bir hissəsi əkin sahəsi, otlağı, biçənəyi ilə birlikdə (cəmi 657 kv.km) Ermənistana verildi. Beləliklə, 1929-30-cu illərdə Ermənistan SSR-yə verilən ərazilər hesabına Naxçıvan MSSR-in ərazisi azalaraq 5,5 min kv.km oldu. 1930-cu ildə isə Naxçıvan MSSR-in Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.
Mənbə: http://dgk.nmr.az/az/page/52/