Albert Aqarunov (tam adı: Albert Aqarunoviç Aqarunov; 25 aprel 1969, Bakı, Azərbaycan SSR, SSRİ — 8 may 1992, Şuşa, Azərbaycan) — yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. İndi isə daha ətraflı Albert Aqarunov haqqında.
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinifini bitirmişdi.
Qardaşı Rantik Aqarunovun Albert Aqarunov haqqında xatirələrindən:
” Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. ”
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinifini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib.
https://www.youtube.com/watch?v=_WHQJh7UQ00
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi.Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Aqarunovun döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən:
” T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. ”
O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Ölümü
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Mənbə: Vikipediya