Türk Araz Cümhuriyyəti və yaxud Araz Cümhuriyyəti – Azərbaycanın Naxçıvan bölgəsində və onun çevrəsindəki ərazilərdə yaradılmış dövlət qurumu idi.
1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyəti Naxçıvan qəzası, Şərur-Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. Azərbaycan torpaqlarını əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi.
Araz Türk Cümhuriyyətində də siyasi durumun mürəkkəbliyinə görə geniş fəaliyyət göstərə bilməyən bir sıra dövlət strukturları – hakimiyyət orqanları mövcud olmuşdur. Onun parlamenti bölgədəki müsəlman milli şuralarının üzvlərindən ibarət idi. Araz Türk Cümhuriyyəti hökumətinə – Nazirlər Şurasına Əmir bəy Əkbərzadə başçılıq edirdi. Hökumətin tərkibinə isə İbrahim bəy Cahangirzadə – hərbi nazir; Əli bəy Qəmbər Bənəniyarlı – inzibati-ərazi işləri üzrə nazir; Həsən ağa Səfazadə – xarici işlər naziri; Məmməd Bəyzadə – ədliyyə naziri; Mirzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yardımçı olaraq seçilmişdi.
Cümhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı olmuşdur. Osmanlı ordu hissələrinin bölgəni tərk etmələri və mahalın türk-müsəlman əhalisinin erməni-daşnakların təcavüzü, soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət qurumunun və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Belə bir ağır şəraitdə bölgənin türk-müsəlman əhalisinin başbilənləri və öndə gedənləri məhəlli siyasi-dövlət qurumu yaratmaq qənaətinə gəldilər. Onların bu qənaəti, əsasən, aşağıdakı səbəblərlə izah olunurdu: birincisi, erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək, ikincisi, həmin dövrdə Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq.
Ordubad Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadənin Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin − Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı: Tiflisə və Gəncəyə yolların bağlanması; türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım – ərzaq gətirilməsinin dayandırılması; bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi; Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman-Araz dövlətini yaratmaq qərarına gəlinməsi; Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cı il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.
Araz Türk Cümhuriyyətinin Nazirlər Şurasının sədri Əmir bəy Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi. Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və b. da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər.
Araz Türk Cümhuriyyətinin hərbi naziri İbrahim bəy Cahangirzadənin rəhbərliyi ilə qısa müddətdə silahlı qüvvələr yaradılmışdı. Bu hərbi hissələr – könüllü xalq dəstələri 20 tabordan (batalyondan) ibarət idi. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə Ordubad, Vedibasar, Qəmərli və s. ərazilərdə yerləşdirilmişdi. Tabor komandirlərindən Kəblə Muxtar (Nehrəm). Kəblə Kərim (Cəhri), İbrahimxəlil Axundov (Ordubad), Həsən Şahverdioğlu (Şərur-Dərələyəz) və b. Araz Türk Cümhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində xüsusilə fərqlənmişdilər. Araz Türk Cümhuriyyətinin hərbi hissələrinin yaradılmasında və onların fəaliyyətinin təşkilində Osmanlı dövlətinin 9-cu ordusunun komandanı Yaqub Şevqi paşa və 9-cu diviziya komandiri polkovnik Rüştü bəyin böyük əməyi olmuşdu. Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən də müvafiq işlər görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun”da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər millət vəkilinin seçilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili Araz Türk Cümhuriyyətinin türk-müsəlman əhalisi tərəfindən razılıqla qarşılanmışdı. Ordubaddan səlahiyyətli müvəkkil A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə ünvanlanan təbrik teleqramında həmin mahalın əhalisi bu qurumu özlərinin ali qanunverici hakimiyyət orqanı kimi qiymətləndirmiş və ona hər cür yardım göstərməyə hazır olduqlarını bildirmişdi.
Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P.Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-ci il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafiq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu. Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan “Həmyerlilər” cəmiyyətinin toplantısında (6 yanvar, 1919-cu il) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900 000 manat Naxçıvana aparılmaq üçün P.Bayrambəyova verilmişdi.
Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə görkəmli şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Özünün çox ağır iqtisadi-maliyyə vəziyyətinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı.
Çox qısa bir zaman kəsiyində mövcud olan və fəaliyyət göstərən Araz Türk Cümhuriyyəti, əsasən, Naxçıvan bölgəsi və çevrəsinin ermənilərin güclü hərbi və siyasi diplomatik təzyiqinə məruz qalması, bu dövrdə Azərbaycanda sözükeçən başlıca xarici qüvvənin (ingilislərin) Araz Türk Cümhuriyyətini dəstəkləməməsi və əslində, ermənipərəst mövqe tutması, Azərbaycan Xalq Cümhuriyyətinin Araz Türk Cümhuriyyəti ilə geniş əlaqələr yarada və ona yetərincə hərbi, siyasi, maliyyə yardımı göstərə bilməməsi və s. səbəblərə görə süquta uğradı. Araz Türk Cümhuriyyətinin süqutu ermənilərin 1919-cu ilin əvvəlində bölgəyə hücumları ilə bağlı yaranan ağır və mürəkkəb şəraitlə də əlaqəli idi.
İrəvan quberniyası müsəlmanları “Həmyerlilər” cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı.
Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.
Mənbə: http://dgk.nmr.az/az/page/52/