Torpaq və iqlim xüsusiyyətlərinə görə, Naxçıvan heyva bitkisinin yaxşı inkişafı, bol məhsul verməsi üçün də səciyyəvi region sayılır. Heyva almakimilər yarımfəsiləsinə mənsub çoxillik bitkidir.
Heyva ağacı işıqlı və münbit şərait yaradıldıqda 5-8 metrədək boy atır. Çiçəkləri əvvəlcə çəhrayı rəngdə olur, tozlanma üçün həşaratları cəlb edir, tozlandıqdan sonra solğunlaşıb ağ rəngə çevrilir. Dünyaya Yunanıstandan – onun əsl vətəni Sidoniya torpağı olduğundan “Sidoniya” adı ilə hələ eramızdan 700 il əvvəl yayılmışdır. Olduqca zəngin vitamin tərkibli, xoş ətirli meyvələri ilə yanaşı, yarpaqları da müalicəvi əhəmiyyətə malikdir. Yetişib saralmış meyvələrinin tərkibində 2-15 faizə qədər şəkər, 2 faizədək alma, limon turşuları, ətirsaçan efirli maddələr, pektin, karotin, dəmir duzları vardır. Yayılmış sort və populiyasiyalarına görə bu meyvənin turş, turşməzə, kəmşirin, şirin (el arasında “şəkər heyva”) olan cırdam, sarı heyva, həmçinin öz torpağımızda məşhur əndəmic sortları vardır. Alıcılar daha çox ətirli əndəmic heyva sorağında olurlar.
Heyvanın meyvəsindən mürəbbə, kompot, şirə, cem, marmelad hazırlanır. Xalq təbabətində təzə meyvə şirəsindən ödqovucu, mürəbbəsindən ürək qüvvətləndirici, kompot, cem və mətləşdirilmiş şirəsindən həzmyaxşılaşdırıcı kimi istifadə olunur. Bundan başqa, toxumlarının dəmləməsi sinə sətəlcəmi və tənəffüs yolları xəstəliklərinə, soyuqdəyməyə xeyirlidir. Yarpaqlarının təzə və qurudulmuş dəmləməsi ürək ağrılarının sakitləşdirilməsi məqsədi ilə içilir.
Arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Maraqlıdır ki, Naxçıvanın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan qorxmur. Çiçəkləyəndə tamaşasından doymaq olmur. Bəlkə, buna görədir ki, xalqımızın ulu sənətkarları oynaq “Heyvagülü” rəqs havasını bu gözəlliyə həsr edərək yaradıblar.
Heyva bitkisinin becərilməsi ilə 40 ilə yaxındır, məşğul oluram. Müşahidələrimə əsasən belə qənaətə gəlmişəm ki, heyva ağacı sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə, gövdə ətrafına üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac və ya kolu tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarının gövdəətrafı yaz və payız fəsillərində yaxşı becərildikdə, xüsusən gövdə ətrafına üzvi gübrə verilib vaxtaşırı suvarıldıqda meyvələri iki dəfə irilir. Şəkər heyva şirinlikdən bəzən qovun kimi çatlayır.
Erkən yazda quru budaqları mütləq kəsilməlidir. Ağac və ya kolun orta hissəsi havalanmalı, yarpaqların Günəş şüası ilə təmasına şərait yaradılmalıdır. Bir dəfə təcrübə üçün noyabrın axırı, dekabrın əvvəllərində 100 ədəd turş və 100 ədəd şirin heyvanın birillik pöhrələrindən 30-40 santimetrlik qələmlər kəsib yaxşı yumşaldılmış torpağa cərgə ilə, 15-20 santimetr məsafədə əkdim. Qışda soyuq olmasın deyə, suvarmadan sonra üstünü torpaqla örtdüm. Erkən yazda üstünü açıb qələmlərə bərabər kəsim verdim. Payızdan yazadək qələmlə çoxaldılan qızılgül, üzüm, çinar, qələmə, söyüd pöhrələri cil verib yazda cücərdiyi halda, turş heyvanın bircəciyi də cücərmədi. Görünür turş, turşməzə heyvaları yalnız ağacın kök vermiş pöhrələri ilə artırmaq lazımdır.
Meyvəçilikdə azotlu, fosforlu, kaliumlu mineral gübrələrdən də istifadə olunur. Fosforlu gübrənin ziyanı yoxdur. Lakin azotlu gübrələr bütün meyvə-tərəvəzlərin məhsul hissəsində daha çox toplandığından, təbiidir ki, istər təzə, istərsə də konservləşdirilmiş halda yeyilərkən azot zəhərləmələri özünü tez-tez göstərir. Xüsusən bostan məhsullarından olan qovun, qarpızda. Odur ki, digər meyvə ağacları ilə yanaşı, heyva ağacına da aqrotexniki qulluq üzvi gübrələrə daha çox üstünlük verilməklə aparılmalıdır. Ağacın gövdəətrafı ağardılmalı, çiçəkləmədən əvvəl və sonra bir dəfə kəpənək qurdlarının sürfələrinə qarşı doza ölçüsündə preparatlar vurulmalıdır. Heyvadan “qəlyə” adlı milli xörəyin hazırlandığı kimi, onun ocaq və təndir közündə bişirilmişi də olduqca dadlı olur. Qanazlığında, vitamin təminatında ən gözəl qidadır. Elektrik sobalarında da bişirmək mümkündür. Həmərsinlə qarışıq hazırlanmış heyva kompotu qan təzyiqində çox faydalıdır.
Payız fəslində yaşıllaşdırma vaxtının sonunadək digər bitkilərlə yanaşı, heyva tingləri də əkmək faydalıdır. Çillələr düşənə yaxın verilən dondurma suyu bitkinin gövdəətrafı zonasındakı hər cür zərərverici və xəstəliktörədiciləri donduraraq məhv edir. Əndəmic və Nüsnüsdəki ətirli heyva sortlarını artırmaq olduqca faydalıdır. Süfrəmizi heyva meyvəsi ilə zənginləşdirmək üçün onun əkilib-becərilməsinə də əsl bağban zəhməti ilə yanaşmalıyıq.
Qaşdar ƏLİYEV
Mənbə: http://www.serqqapisi.az/index.php/humanitar/sosial/2864-faydal-vae-shaefal-meyvae-heyva.html