Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
“Naxçıvan” sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və mötəbər tarixi qaynaqlara görə, “Naxçıvan” ”Nəqş-i cahan”, yəni ”dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə, “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu, ”dünya tufanı” ilə bağlı olub, ”Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvan yaxınlığında dəniz səviyyəsindən 3725 m yüksəklikdə yerləşən ”Gəmiqaya” adlı qədim yaşayış məskəni və həmin yaşayış məskənində ”Nəbi yurdu” (“Peyğəmbər yurdu”) adlanan çox qədim bir qəbiristanlıq aşkar olunmuşdur. Nuh peyğəmbərin qəbri isə Naxçıvan şəhərinin özündədir. Ümumiyyətlə Azərbaycan xalqı, o cümlədən Naxçıvan əhalisi arasında qədim abidələr və əntiq mallarla bağlı olaraq ”Nuh Nəbidən qalma” (“Nuh peyğəmbərdən qalma”) ifadəsi çox işlədilir.
“Naxçıvan” sözü “Nakçuana / Naxçuan” – “möcüzəli və ya yaxşı sular diyarı”, yaxud “müalicəvi mineral sular ölkəsi” kimi də izah olunur.
* * *
Azərbaycan arxeoloqlarının apardıqları qazıntılar nəticəsində sübut olunmuşdur ki, Naxçıvanda hələ Paleolit dövründə (qədim daş dövrü) ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Bu diyarın müxtəlif yerlərindən, xüsusilə Qazma mağarasından (Şərur rayonu) həmin dövrə aid zəngin arxeoloji tapıntılar aşkar olunmuşdur. Bu materiallar Azərbaycanda və dünyada paleolit dövrünün elmi-tədqiqat coğrafiyasını daha da zənginləşdirmişdir.
Neolit (yeni daş dövrü) inqilabı-istehsal təsərrüfatının meydana gəlməsi (e.ə. VIII-VI minilliklər) Naxçıvan diyarının da tarixində mühüm hadisə olmuşdur.
Eneolit (mis-daş) dövründə istehsal təsərrüfatı daha da tərəqqi etdi. Bu dövrdə bütövlükdə Azərbaycanın, o cümlədən də Naxçıvanın, dünya sivilizasiyasının mərkəzlərindən olan Mesopotamiya ilə əlaqələri daha da genişləndi. Bu arxeoloji dövrlərin tarixini I Kültəpə (Babək rayonu), Ovçulartəpə (Şərur rayonu), Damlama (Kəngərli rayonu) və b. abidələr olduqca parlaq əks etdirir. I Kültəpədən aşkar edilmiş mis-gümüş qatışıqlı əmək alətləri (e.ə. VI minilliyin ortaları) Naxçıvanda mis əldə edilməsinin ilk dövrünü aydınlaşdırır.
Naxçıvan Tunc dövrü (e.ə. IV-II minilliklər) abidələri ilə də olduqca zəngindir. Bu diyarda həmin dövrün bütün mərhələlərinə aid çox qiymətli arxeoloji abidələr vardır. Dünya miqyaslı I Kültəpə, II Kültəpə (Babək rayonu), Ovçulartəpə, Maxta (Şərur rayonu) və b. abidələrdən tapılmış arxeoloji materiallar bunu aydın sübut edir. Tunc dövründə Naxçıvanda təsərrüfat həyatı daha da inkişaf etmiş, etnik proseslər intensivləşmiş, iqtisadi əlaqələr və incəsənət tərəqqi etmişdir. Gəmiqaya qayaüstü təsvirləri (Ordubad rayonu, e.ə. III-I minillik) Qobustan ənənələrinin davamı kimi çox qiymətlidir.
Naxçıvanda bütövlükdə Azərbaycan üçün səciyyəvi olan Kür-Araz mədəniyyəti (ilk Tunc dövrü) ilə yanaşı, özünəməxsus arxeoloji mədəniyyətlər olan boyalı qablar mədəniyyəti (e.ə. III-I minilliklər) və Naxçıvan mədəniyyəti (son Tunc – ilk Dəmir dövrü) də təşəkkül etmişdir.
Naxçıvan ərazisinin ən qədim sakinləri olan Azərbaycan tayfaları, burada meydana gəlmiş tayfa birlikləri Azərbaycanın etnik-siyasi tarixində mühüm rol oynamışlar.
Naxçıvan diyarı dünyanın ən qədim şəhər məskənlərindən biridir. Bu diyarın baş şəhəri olan Naxçıvan isə Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. 3500 ildən artıq yaşı olan Naxçıvan şəhəri sonralar Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə çevrilmişdi. Naxçıvan, eyni zamanda Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafında da mühüm rol oynamışdır.
Naxçıvan e.ə. I minilliyin ilk yüzilliklərində Azərbaycan Manna dövlətinin (e.ə. IX – e.ə. VII yüzilliyin sonları) tərkibində olmuşdur. Manna dövləti qonşu Assuriya və Urartu dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini uğurla qoruyub saxlamışdır. Urartuya qarşı mübarizə e.ə. 820-810-cu illərə aid edilən İlan – dağ mixi yazısında (Culfa rayonu) əks olunmuşdur. Bu abidə haqqında məlumat ilk dəfə 1989-cu ildə İtaliya jurnalında dərc olunmuşdur.
Mannanın süqutundan sonra Naxçıvan əvvəlcə Midiya dövlətinin (e.ə. VII yüzilliyin sonları – e.ə. 550-ci il), sonra isə Əhəməni imperiyasının (e.ə. 550 – e.ə. 330-cu illər) tərkibinə daxil olmuşdu.
Makedoniyalı İsgəndərin (e.ə. 336 – e.ə. 323) ölümündən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ölkənin cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. Naxçıvan torpaqları Atropatena dövlətinin tərkibinə daxil idi.
Antik dövrdə və eramızın ilk yüzilliklərində Naxçıvanda ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Bu Azərbaycan diyarının beynəlxalq əlaqələri daha da genişləndi. Ağbulaq (Şahbuz rayonu), Qahab (Babək rayonu), Govurqala, Albantəpə, Axura kültəpəsi, Püsyan nekropolu (Şərur rayonu) və b. abidələrdən həmin dövrə aid çox qiymətli arxeoloji materiallar tapılmışdır. Bu dövrdə Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə də məlumatlar daxil edildi. İosif Flafi (e.ə. I əsr) və Klavdi Ptolemey (b.e. II əsr) öz əsərlərində Naxçıvanın adını çəkirlər.
Eramızın III yüzilliyində İran Sasani dövləti (224-651-ci illər) güclənməyə başladı. Regionda üstünlüyü ələ keçirmək üçün Sasani, Roma, sonra isə Bizans imperiyaları arasında dağıdıcı müharibələr baş verdi. Bu, Naxçıvan diyarına da ağır zərbələr vurdu. Lakin çox keçmədən hərbi-strateji mövqeyi və ticarət yollarının üstündə yerləşməsi Naxçıvanın inkişafına yenidən güclü təkan verdi. Bəzi məlumatlara görə ilk orta əsrlərdə Naxçıvan şəhərində 30 minə qədər ev və 150 min əhali vardı. Sasani canişinlərinin (mərzbanlarının) iqamətgahı müəyyən dövrlərdə burada yerləşirdi. Azərbaycanın qədim zərbxanalarından biri olan Gilan zərbxanası (Ordubad rayonu) Naxçıvanda yerləşirdi. Burada “naxç” işarəsilə Sasani sikkələri zərb olunmuşdu. Sasanilərin hakimiyyətinin zəifləməsi şəraitində Azərbaycan dövlətçiliyinin bərpası Naxçıvanın inkişafına müsbət təsir göstərdi.
Bu dövrə aid sikkələr (V-VI əsrlər), Albaniya hökmdarı Cavanşirin (638-680/81) statuetkası (SPb, Ermitaj), qrifon (Culfa rayonu), Biləv qalası, Dəmirlər, Xarabagilan (Ordubad rayonu), Dəlmə (Şahbuz rayonu) və b. yaşayış məskənlərindən əldə edilmiş zəngin arxeoloji materiallar tərəqqidən xəbər verir.
Ərəb işğalları dövründə (VII-VIII əsrlər) başqa Azərbaycan torpaqları kimi Naxçıvan da Ərəb Xilafətinin tərkibinə daxil edildi. Ərəb sərkərdəsi Həbib ibn Məsləmə Naxçıvan şəhərini ələ keçirərkən şəhər əhalisi qarşısında götürdüyü öhdəliklər barədə xüsusi müqavilə imzaladı.
İslam dininin yayılması, geniş ərazili Ərəb Xilafətinə daxil olan ölkələrlə qarşılıqlı əlaqələrin genişlənməsi Azərbaycanın, o cümlədən də Naxçıvanın inkişafına müsbət təsir göstərdi. Bununla belə, yadelli əsarətini qəbul etməyən Azərbaycan xalqı ərəblərin işğalçılıq siyasətinə qarşı azadlıq mübarizəsinə qalxdı. Babəkin başçılıq etdiyi azadlıq müharibəsinin (816-837) əsas mərkəzlərindən biri də Naxçıvan oldu. Ərəb mənbələrində bütövlükdə Azərbaycan haqqında, o cümlədən də Naxçıvan barədə məlumatlar daha da artdı. Əl-Bəlazuri, İbn Xordadbeh, əl-Müqəddəsi, əl-İstəxri, əl-Biruni, Yaqut Həməvi və b. görkəmli tarixçilər, coğrafiyaşünaslar Naxçıvandan geniş bəhs edirlər.
Naxçıvanın bütün İslam dünyasında məşhur olmasının ən parlaq faktlarından biri də budur ki, buradakı Tanrıçılığa məxsus olan qədim Əshabi-Kəhf (“Mağara sahibləri”) abidəsi Qurani-Kərimin 18-ci surəsi olan əl-Kəhf (“Mağara”) surəsinin 9-26-cı ayələrində əks olunmuşdur. Bu ayələrdə Allahdanbaşqasına inananlardan ayrılıb mağaraya sığınan gənclərdən, onların 300 ildən çox yuxuya qalmasından və oyandıqdan sonra başlarına gələnlərdən söz açılır. Əshabi-Kəhf Naxçıvanın şöhrətini daha da artırdı, bu qədim inanc yeri isə müsəlmanların məşhur ziyarət yerinə çevrildi. Əlincəçay xanəgahı (Culfa rayonu) da bu dövrə aid olub, VIII əsrdən mövcuddur.
Babəkin başçılıq etdiyi azadlıq müharibəsi Ərəb Xilafətinin əsaslarını zəiflətdi. Azərbaycan ərazisində Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər sülalələrinin və Şəki hakimlərinin idarə etdikləri müstəqil dövlətlər meydana gəldi. Naxçıvan əvvəlcə Sacilər, sonra isə Salarilər sülalələrinin idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olmuşdu. Bəzi məlumatlara görə təxminən X yüzilin 80-ci illərindən XI yüzilin ortalarınadək Naxçıvan ərazisində Naxçıvan şahlığı adlanan bir əmirlik yaranmış, buranı Əbu-düləfilər sülaləsi idarə etmişdi. Naxçıvan tarixinin bu dövrü barədə Aza körpüsü (Ordubad rayonu), Əlincə qalası (Culfa rayonu), Alovtəpə (Kəngərli rayonu), Dəvəli (Şərur rayonu) tarixi abidələri, həmçinin başqa yaşayış məskənlərindən əldə edilmiş tapıntılar çox qiymətli məlumatlar verir.
Azərbaycan xalqının ən möhtəşəm qəhrəmanlıq eposlarından biri olan ”Kitabi-Dədə Qorqud” dastanlarının yayıldığı tarixi-coğrafi ərazidə Naxçıvan özünəməxsus yer tutur. Dastanın bir sıra qolları, bu qəhrəmanlıq eposunda cərəyan edən bir çox hadisələr bilavasitə Naxçıvanla bağlıdır. “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən çoxsaylı toponimlərin Naxçıvanda və Naxçıvanın əhatəsindəki Qərbi Azərbaycan torpaqlarında olması bu diyarın ən qədim oğuz-türk torpaqlarından biri olduğunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanlarında Naxçıvanda və bütövlükdə Qərbi Azərbaycan torpaqlarında ermənilərlə bağlı heç bir toponimə rast gəlinmir. Bu faktın özü də ermənilərin bu yerlərə sonralar köçüb gəldiklərini sübut edir. “Kitabi-Dədə Qorqud” dastanlarının misilsiz əhəmiyyətini nəzərə alan ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də bu qəhrəmanlıq eposunun 1300 illiyinin qeyd edilməsi haqqında fərman vermiş, yubiley beynəlxalq miqyasda qeyd olunmuşdu. Naxçıvanda Oğuzun başbiləni Dədə Qorquda ehtiram əlaməti olaraq ”Dədə Qorqud” meydanı salınmış, onun şərəfinə abidə ucaldılmışdır.
Sultan Toğrulun (1038-1063) Böyük Səlcuq İmperiyasını yaratması ilə dünya tarixində böyük dəyişikliklər baş verdi. Azərbaycan torpaqları, o cümlədən Naxçıvan ərazisi Böyük Səlcuq türk imperiyasının tərkibinə daxil edildi. Qədim türk yurdu olan Naxçıvan şəhəri bu dövrdə daha da tərəqqi etdi.
Böyük Səlcuq İmperiyasının süqutundan sonra Azərbaycan ərazisində Şəmsəddin Eldəniz (1136-1175) tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər — Eldənizlər dövləti (1136-1225) yarandı. Bu zaman Naxçıvan Atabəylər dövlətinin paytaxtına çevrildi. Atabəylər dövlətinin xəzinəsi Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında saxlanılırdı. Azərbaycan hökmdarı Məhəmməd Cahan Pəhləvanın dövründə (1175-1186) Naxçıvan hakimi Qızıl Arslan, onun ölümündən sonra isə arvadı Zahidə xatun idi. Atabəylər-Eldənizlər dövründə Naxçıvan Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdı. Naxçıvan haqqında məlumat verən qiymətli mənbələrdən birində yazılır: ”Naxçıvan Azərbaycanda şəhərdir, böyükdür və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər – köşklər və təmtəraqlı eyvanlar tikilib; şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid inşa ediblər; qalada şirinsulu bulaq var. Deyirlər ki, yer üzündə bundan çox əhalisi olan şəhər yoxdur; bütün tikililər kəcdən və bişmiş kərpicdəndir. Köşklərin çoxu qalalar kimi üç və dörd mərtəbəlidir. Şəhərətrafı (savad) çox gözəldir, axar suyu, bağları və yaşıllığı çoxdur. Araz çayı şəhərin içərisindən axır. Əlahəzrət Eldənizin mübarək zamanında şəhər özünün ən yüksək əzəmətinə çatdı. Orada hökmdarın iqamətgahı (dar əl-mülk) və hökumət binaları (dövlətxanalar) tikildi”.
Özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Naxçıvan memarlığı Atabəylər dövründə ayrıca məktəbə çevrildi. Bütün Şərqdə məşhur olan Naxçıvan memarlıq məktəbinin banisi böyük sənətkar və mütəfəkkir Əcəmi Əbubəkr oğlu Naxçıvani idi.
Monqolların yürüşü (1221) nəticəsində zəifləyən Atabəylər-Eldənizlər dövlətini Xarəzmşah Cəlaləddin süquta uğratdı. Naxçıvan Xarəzmşahın əlinə keçdi. Bu 1231-ci ilədək davam etdi. Monqolların ikinci yürüşü (1231-1239-cu illər) ilə Azərbaycanda monqol ağalığı bərqərar oldu.
1256-cı ildə beşinci monqol ulusu Hülakülər (və ya Elxanilər) dövləti yarandıqda Azərbaycan torpaqları bu dövlətin tərkibinə daxil edildi. Naxçıvan o zaman Azərbaycanın cənub torpaqlarının inzibati-ərazi baxımından bölündüyü doqquz tüməndən biri idi. Azərbaycanın 27 şəhərindən beşi Naxçıvan, Əlincə, Ordubad, Azad və Maku Naxçıvan tüməninə daxil idi. Bu dövrdə Azərbaycanda ağalıq üstündə Qızıl Ordu (Qızıl Orda), Çobanilər, Cəlairilər mübarizə aparırdılar. Əmir Teymurun (1370-1405) güclənməsilə vəziyyət daha da mürəkkəbləşdi. Əmir Teymur 1387-ci ildə Naxçıvan torpaqlarını tutdu. Əlincə qalası mühasirəyə alındı. Əlincə qalasının müdafiəçiləri Teymur qoşunlarına qarşı 14 ilə qədər qəhrəmancasına mübarizə apardılar və qalanı təslim etmədilər. Teymurilərə qarşı mübarizədə hürufilər mühüm rol oynayırdı. Hürufiliyin banisi, böyük Azərbaycan mütəfəkkiri Fəzlüllah Nəimi 1394-cü ildə Teymurun oğlu Miranşah tərəfindən Naxçıvanda öldürüldü (Nəiminin məzarı hazırda xalqın müqəddəs ziyarət yerinə çevrilmişdir). 14 illik qəhrəmanlıq mübarizəsindən sonra Əlincə qalası da daxili çəkişmələr nəticəsində süquta uğradı. Bu hadisədən bir müddət sonra Teymur Təbrizdən Naxçıvana gəlib, Əlincə qalasının başına çıxaraq onu seyr etmiş, qalanın əzəməti onu heyran qoymuşdu.
XIII-XIV yüzilliklərdəki tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq, Naxçıvan sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etməkdə idi. Kənd təsərrüfatı, sənətkarlıq və ticarət sahəsində mühüm irəliləyiş nəzərə çarpırdı. Həmin dövrdə Naxçıvan, Ordubad, Culfa şəhərləri Azərbaycanın şəhər həyatında mühüm yer tuturdu. Naxçıvanda görkəmli dövlət, elm və mədəniyyət xadimləri fəaliyyət göstərirdi.
Əslən naxçıvanlı olan görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi dünyanın elm korifeyləri sırasında layiqli yer tutmuş dahi Azərbaycan alimi idi.
Səncər ibn Abdulla ən-Naxçıvaninin oğlu Hinduşah Naxçıvani (1245-1328), nəvəsi Məhəmməd ibn Hinduşah Naxçıvani (1295-1376), nəticəsi Kəmaləddin ibn Məhəmməd Naxçıvani Azərbaycanın elm tarixində layiqli yer tuturlar. Hinduşah Naxçıvani görkəmli tarixçi, dilçi, filosof, dərin və hərtərəfli ensiklopedik biliyə malik olan alim və dövlət xadimi idi. Onun oğlu Məhəmməd də atasının yolunu davam etdirmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvaninin dövrümüzədək iki qiymətli əsəri gəlib çatmışdır.
Səncər ibn Abdullanın digər oğlu Seyfəddövlə Naxçıvani Elxanilər dövründə yüksək dövlət vəzifəsi tutmuş, qardaşı Hinduşahın elmi inkişafında mühüm rol oynamışdı.
Görkəmli filosof Nəcməddin Naxçıvani, alim, mütəfəkkir Həsən Naxçıvani, həkim, sufi Kəmaləddin Naxçıvani, məşhur vəkil Qəvaməddin Naxçıvani və b. da Azərbaycanın elm və mədəniyyət tarixində dərin iz qoymuşlar.
XIII-XIV əsrlərdə Naxçıvan memarlıq məktəbi də öz əvvəlki ənənələrini uğurla davam etdirmişdir. Bu sahədə Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin, memar Camaləddin Naxçıvaninin və başqalarının böyük xidmətləri olmuşdur. Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani Bərdə türbəsinin (1322) və Qarabağlar türbəsinin (XIV əsrin 30-cu illəri), memar Camaləddin Naxçıvani isə Xanəgah türbəsinin müəllifləridir.
Naxçıvanın XIII-XIV əsrlər tarixinə dair ilk mənbələrdə olduqca qiymətli məlumatlar vardır. Bu dövrə dair çox qiymətli arxeoloji qazıntı materialları da aşkar olunmuşdur. Əlincə (Culfa rayonu) və Babi (Şahbuz rayonu) zərbxanaları, Naxçıvan Cümə məscidi, Xarabagilan, Vənənd məscidi, Nüsnüs piri, Biləv nekropolu, Dər türbəsi, Düylün piri (Ordubad rayonu), Ziyaülmülk körpüsü, Gülüstan türbəsi (Culfa rayonu), Köhnəqala (Şahbuz rayonu), Dədəli körpüsü (Şərur rayonu), Qarabağlar türbəsi (Kəngərli rayonu), Ağoğlan türbəsi (Sədərək rayonu) və b. abidələr bu dövrün zəngin tarixindən xəbər verir.
XV-XVI yüzillərdə Naxçıvan Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdur. Naxçıvan Səfəvi dövlətinin mühüm əyalətlərindən biri idi.
Çox mühüm hərbi-strateji mövqeyə malik olan Naxçıvan XVI əsrin əvvəllərindən başlayaraq uzun zaman Səfəvi-Osmanlı müharibələrinin ən qaynar məntəqəsinə çevrilmiş və dəfələrlə əldən-ələ keçmişdir. Səfəvi hökmdarı Məhəmməd Xudabəndə dövründə (1578-1587) Naxçıvanın idarəsi Azərbaycanın ən cəngavər tayfalarından biri olan kəngərli-ustaclı tayfasının başçılarına həvalə edildi. Hələ bizim eranın əvvəlində peçeneqlərlə birlikdə Naxçıvan ərazisində məskunlaşmış kəngərlilər ustaclı tayfasının tərkibində Səfəvi dövlətinin yaradılmasında fəal iştirak etmişdilər. Kəngərli tayfasının başçıları XIX əsrin əvvəllərində Rusiya işğallarınadək Naxçıvanın irsi hakimləri idilər.
XVI yüzilliyin sonlarından XVIII yüzilin 40-cı illərinədək Azərbaycan, o cümlədən də Naxçıvan, yenidən tarixin ağır sınaqları qarşısında qaldı. Ölkə Səfəvi, Osmanlı və Rusiya imperiyaları arasında hərbi-siyasi rəqabət meydanına çevrildi. Qanlı toqquşmalar yenidən Naxçıvanın inkişafına ağır zərbə vurdu. Nəhayət, Səfəvi hökmdarı Şah I Abbas Naxçıvan və digər Azərbaycan torpaqlarını geri almağa nail oldu.
Şah I Abbasın dövründə vəzir təyin edilmiş Hatəmbəy Ordubadi böyük Səfəvi imperiyasının idarə olunmasında mühüm rol oynamışdı. Şah I Abbas 1606-cı ildə Ordubada səfərindən sonra şəhəri soyurqal kimi ona bağışlamış, Hatəmbəy isə burada geniş quruculuq işləri aparmışdı. Şah Abbasın fərmanı ilə (1607) ordubadlılar vergilərdən azad edilmişdilər. Həmin fərmanın kitabəsi indiyədək qalmaqdadır.
Uzunsürən Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə başa çatdı. Naxçıvan XVIII əsrin əvvəllərinədək Səfəvi dövlətinin tərkibində qaldı.
XVIII yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra torpaqları, o cümlədən Naxçıvan Osmanlı imperiyasının hakimiyyətinə keçdi. Osmanlı dövlətinin tərkibində olarkən, 1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri” adlı siyahıyaalma sənədi tərtib olundu. “Naxçıvan sancağının müfəssəl dəftəri” çox qiymətli tarixi sənəddir.
Naxçıvanın XV əsrdən XVIII yüzilliyin əvvəllərinə qədərki tarixindən bugünkü nəsillərə çoxsaylı numizmatik materiallar, daş qoç heykəlləri, İmamzadə kompleksi, Zaviyə məscidi (Naxçıvan şəhəri), Cümə məscidi, Amaras məscidi, Behrud körpüsü (Ordubad rayonu), Ərəzin nekropolu (Culfa rayonu), Parçı imamzadəsi (Şərur rayonu), Koroğlu qalası (Sədərək rayonu) və digər çox qiymətli maddi mədəniyyət nümunələri, tarixi abidələr yadigar qalmışdır.
Böyük Azərbaycan sərkərdəsi Nadirin hakimiyyətə gəlməsindən sonra (1736-1747) osmanlıların hakimiyyəti altında olan Azərbaycan torpaqları geri qaytarıldı və Əfşar imperiyasının tərkibinə daxil edildi. Çox mühüm strateji əhəmiyyəti olan Naxçıvanda öz hakimiyyətini möhkəmləndirməyə çalışan Nadir şah Əfşar bu diyarın irsi hakimləri olan cəsur kəngərli tayfasının tanınmış nümayəndələrini ölkədən sürgün etdi. Lakin Nadirin hakimiyyəti bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da uzun sürmədi. Nadir öldürüldükdən (1747) sonra Azərbaycanda kiçik yerli dövlətlər xanlıqlar yarandı.
Mənbə: http://dgk.nmr.az/az/page/52/