Naxçıvan general-qubernatorluğu, Azərbaycan Xalq Cümhuriyyətinin Əlahiddə Naxçıvan general-qubernatorluğu – Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin “Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu”, yaxud “Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu” da adlanır). Həmin qərarla Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi işlər üzrə, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə onun müavinləri təyin olunmuşdular. Naxçıvan general-qubernatorluğunun nəzdində 7 nəfərdən ibarət şura yaradılmışdı; martın 16-da istefa verən Bəhram xan Naxçıvanskini Haşımbəyov əvəz etmiş, o, Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin sərəncamına çağırıldıqdan sonra isə Səməd bəy Cəmillinski Naxçıvan general-qubernatoru təyin olunmuşdu. Siyasi şəraitin mürəkkəbliyi, ilk növbədə isə Ermənistan daşnak hökumətinin fitnəkar hərəkətləri üzündən yüksək vəzifəli şəxslərin Naxçıvana gələrək vaxtında öz vəzifələrinin icrasına başlaya bilməmələri general-qubernatorluğun işində ciddi çətinliklər yaratmışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti general-qubernatorluğun fəaliyyətinin bir an da olsun dayanmasına yol verməmişdi; 1919 ilin avqustunda qısa müddət Ordubadda fəaliyyət göstərməyə məcbur olan general-qubernatorluğun iqamətgahı sonra yenidən Naxçıvana köçürülmüşdü. Naxçıvan general-qubernatorluğu o zamankı mürəkkəb şəraitlə bağlı səbəblər üzündən daha geniş və səmərəli fəaliyyət göstərə bilməsə də, bölgənin erməni təcavüzündən müdafiəsində, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə əlaqə yaradılmasında və möhkəmləndirilməsində mühüm rol oynamışdı.
https://youtu.be/tT-Nc8uK6a0
Mənbə: http://dgk.nmr.az/az/page/52/