1747-ci ilin iyununda Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan İran naibi Ağa Həsəni Naxçıvandan qovmuş və özünü xan elan etmişdi. Xanlıq Zəngəzur dağlarından Araz çayı dərəsinədək olan ərazini əhatə edirdi. Xanlıq Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Bəllav mahallarına bölünürdü. Mahalları mirzəbəyilər, onlara daxil olan kəndləri isə kəndxudalar idarə edirdi. Xanlığın ərazisində iki şəhər Naxçıvan və Ordubad şəhərləri mövcud idi. Naxçıvan xanlığının inzibati, həm də başlıca ticarət mərkəzi Naxçıvan şəhəri idi. Şəhərlərdə polis funksiyasını darğa yerinə yetirirdi.
Naxçıvanda natural təsərrüfat hökm sürürdü; əsas istehsal sahələri heyvandarlıq və əkinçilik idi. Kəndlilər rəiyyətlərə, rəncbərlərə və elatlara bölünürdü. Heydərqulu xan xanlığı möhkəmlətmək, ticarət və sənətkarlığı inkişaf etdirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirdi. Lakin hərbi qüdrəti zəif olan Naxçıvan xanı bu tədbirləri daha güclü Azərbaycan xanlarının köməyinə arxalanmaqla həyata keçirmək istəyirdi.
Bu məqsədlə də Heydərqulu xan Qarabağlı Pənahəli xanın hakimiyyətini qəbul etmiş, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəkili Hacı Çələbi xana qarşı uğursuz yürüşdə iştirak etmişdi. Heydərqulu xanın ölümündən (1763/64) sonra taxta çıxmış Hacı xan Kəngərli Şiraz hakimi Kərim xan Zəndin hakimiyyətini qəbul etsə də, sonralar Şiraza çağırılaraq həbs olunmuşdu. 1770-ci ildə Kərim xanın köməyi ilə taxta çıxmış Rəhim xanı da üç ildən sonra Vəliqulu xan Kəngərli əvəz etmişdi.
18-ci əsrin 80-ci illərinin əvvəllərində İrəvanlı Hüseynqulu xan, Qarabağlı İbrahimxəlil xan və Kartli-Kaxeti çarı II İraklinin yardımı ilə Naxçıvan xanlığında Abbasqulu xan Kəngərli hakimiyyətə gəldi. Lakin Kərim xan Zəndin ölümündən (1779) sonra Xoy hakimi Əhməd xan Mərkəzi İranda hakimiyyəti ələ keçirmiş Əlimurad xanın yardımı ilə 1783-cü ildə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xanı Naxçıvan taxtına əyləşdirdi. Abbasqulu xanın Tiflisə qaçmasından istifadə edən II İrakli onun hakimiyyətini bərpa etmək pərdəsi altında Naxçıvanda möhkəmlənməyə cəhd göstərdi. 1785-ci il mayın əvvəlində qarabağlı İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını ələ keçirib Abbasqulu xanı yenidən hakimiyyətə gətirdi. 1787-ci ildə Cəfərqulu xanın əmisi oğlu Kalbalı xan Abbasqulu xanı hakimiyyətdən kənarlaşdırıb özünü xan elan etdi; o, fasilələrlə 1820-ci ilədək hakimiyyətdə olmuşdur.
1792-ci ildə İbrahimxəlil xan avar Ümmə xanla ittifaqa girərək Naxçıvana yeni yürüş etdi. Naxçıvan ətrafında baş vermiş vuruşmada Kalbalı xan Xoy və İrəvan xanlarının köməyi ilə qalib gəldi. Vuruşmada xeyli dağıstanlı həlak olduğundan, döyüşün getdiyi yer “Ləzgiqıran” adlanır. Lakin İran təhlükəsinə qarşı mübarizə aparmaq zərurəti Kalbalı xanı yenidən İbrahimxəlil xanla yaxınlaşmağa məcbur etdi.
1795-ci ildə İranda hakimiyyəti ələ keçirmiş, Azərbaycanın cənub xanlıqlarını özündən asılı vəziyyətdə saxlamış və Cənubi Qafqaza 1-ci hücuma başlayan Ağa Məhəmməd xan Qacar Kalbalı xandan da itaət göstərməyi və girovlar verməyi tələb etdi. Kalbalı xan nifrət bəslədiyi Abbasqulunu girov kimi Ağa Məhəmməd xan Qacarın yanına göndərdi. Sonuncunun bundan xəbər tutması Kalbalı xana münasibətdə xeyli gərginlik yaratdı. 1796-cı ildə general V.Zubovun komandanlığı ilə Rusiya qoşunlarının Cənubi Qafqaza yürüşü zamanı Kalbalı xan Naxçıvan xanlığının Rusiyanın himayəsinə qəbul olunmasına cəhd göstərdi. Bundan xəbər tutan Ağa Məhəmməd Şah Qacarın (o, 1796-cı ildə özünü şah elan etmişdi) 1797-ci ildə Azərbaycana 2-ci yürüşü zamanı Kalbalı xan tutularaq bir gözü çıxarıldı və Tehrana göndərildi. Xanlığın idarəsi Abbasqulu xana tapşırıldı. 1797-ci ilin yayında Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetirildikdən sonra İranda hakimiyyəti ələ almış Fətəli şah Kalbalı xanı İrəvanda yaşamaq şərtilə azad etdi və o, yalnız 1804-cü ildə yenidən Naxçıvan xanı təyin edildi.
Birinci Rusiya-İran müharibəsi illərində (1804-13) 1806-cı ildən ruslara meyl edən Kalbalı xan qohumu İrəvanlı Hüseynqulu xan tərəfindən hiylə ilə həbs edilərək Tehrana göndərildi; Abbasqulu xan yenidən Naxçıvan taxtına gətirildi. Bu vaxtlar Kalbalı xanın oğlu Şeyxəli (Şıxəli) bəy rus ordusunun tərkibində vuruşurdu. 1808-ci il oktyabrın sonlarında general Nebolsinin tərkibində Şeyxəli bəyin dəstəsinin də olduğu rus qoşunu Qarabağdan Naxçıvana tərəf hərəkət edərək, Qarababa adlı yerdə İran vəliəhdi Abbas Mirzənin qoşunlarını məğlub etdi. Şeyxəli bəy rus qoşunlarının önündə getdiyindən Naxçıvan qalası döyüşsüz təslim oldu. Müharibənin sonlarına doğru İran hökuməti Kalbalı xanı həbsdən azad etməyə məcbur oldu; o, 1812-ci ildən yenidən Naxçıvan taxtına sahibləndi. Gülüstan müqaviləsindən (1813) sonra Naxçıvan xanlığı İranın tərkibində idi. 1820-ci ildə Kalbalı xan Naxçıvan xanlığının idarəçiliyini oğlu Ehsan xana tapşırıb Məkkəyə ziyarətə getdi. Onun ziyarətdən qayıdarkən yolda vəfat etməsi ilə Naxçıvanda siyasi sabitlik pozuldu və Naxçıvan xanlığında Kərim xan, Hüseyn Mirzə, Məhəmməd Bağır xan bir-birinin ardınca taxta əyləşdilər. İkinci Rusiya-İran müharibəsi (1826-28) gedişində 1827-ci ilin iyununda rus qoşunları Naxçıvanı zəbt etdilər; iyulda Abbasabad qalası ələ keçirildi. Rusiya hökuməti Ehsan xanı Naxçıvan hakimi təyin etdi. Türkmənçay müqaviləsinə (1828) əsasən Naxçıvan xanlığı İrəvan xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi. 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə ləğv edilmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində süni şəkildə “erməni vilayəti” yaradıldı.
Naxçıvan xanları
Heydərqulu xan Kəngərli (1747-1764)
Hacı xan Kəngərli (1764-1765)
Rəhim xan Kəngərli (1765-1770)
Əliqulu xan Kəngərli (1770-1773)
Vəliqulu xan Kəngərli (1773-1781)
Abbasqulu xan Kəngərli (1781-1783, 1797-1801, 1806)
Cəfərqulu xan Kəngərli (1783-1785)
Kərim xan (1808, 1813-1816, 1823-1827)
Kalbalı xan Kəngərli (1787-1796, 1801-1807, 1809-1810, 1816-1820)
Hüseyn Mirzə – hakim (1822-1823)
Məhəmməd Bağır xan (1827)
Ehsan xan Naxçıvanski – hakim (1828-1839)
Mənbə:
Yazı – http://dgk.nmr.az/az/page/52/
**Bayraq – http://www.today.az/news/entertainment/146593.html
*Gerb – Gerb Çixinski adlı rus heraldika kolleksiyaçısının “Qafqaz gerbləri” (1922) əsərindən götürülərək reproduksiya edilmişdir. Orijinal mənbə: Цихинский. Рус. исследователь, … ( https://az.wikipedia.org/wiki/Fayl:Kangarli.png )