Ordubad qozunun və ya Ordubadlıların dili ilə desək Ordubad cəvizinin faydalı xüsusiyyətləri
Ordubad öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də cəvizdir.
Artıq Ordubadda cəviz çırpılmasına başlanılıb. Hazırda yaşayış məntəqələrimizdə bu qiymətli məhsulun toplanılması davam etdirilir. Hər il torpaq mülkiyyətçilərimiz bu məhsuldan xeyli qazanc əldə edirlər. Ordubadda cəvizdən müxtəlif çeşidli məhsullar da hazırlanır. Alana, basdıq, miyanpur, paxlava, cəviz mürəbbəsi rayonumuzda xüsusi səriştə ilə ərsəyə gətirilir. Cəvizin müalicəvi əhəmiyyəti də insanlara hələ qədim zamanlardan məlum olmuşdur. 17-ci əsrdə hərbi həkimlər cəviz ağacının yarpaqlarından yara sağaldan vasitə kimi istifadə etmişlər. Cəviz ağacının çətrinin havası ağciyər xəstəliklərininbronxialasmanın, vərəmin, xroniki sətəlcəmin (ağciyər iltihabı) müalicəsində əhəmiyyətli təsirə malikdir. Cəvizin ləpəsindən başqa, oduncağından, qabığından və yarpağından da istifadə edilir. İnsan beyninin kiçik formasını xatırladan cəviz vitamin və proteinlərlə zəngindir. Gündə 3-5 ədəd cəviz yemək məsləhətdir. Cəviz qandakı xloresterinin səviyyəsini azaldır, ürək döyüntüsün tənzimləyir. Onun tərkibindəki maddələr insan orqanizmini süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini sabitləşdirir, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki Omeqa-3 və Omeqa-6 yağ turşuları beyinin inkişafına müsbət təsir göstərir. Bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır. Cəviz mürəbbəsini qida rasionuna daxil etməklə bir sıra xəstəlikləri müəyyən dərəcədə müalicə etmiş olarıq. Cəvizin meyvəsinin içi odunlaşmamış yaşıl vaxtı ondan hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində, vitamin çatışmazlığında istifadə edilir. Cəvizin ləpəsindəki yağ əsəbi sakitləşdirir, eyni zamanda dəridə olan ləkələri yox edir. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir. Cəvizin yarpaqlarından da istifadə edilir. Yaşıl üst qabığı əzilərək saç boyası kimi istifadə edilə bilər. Yarpağının qaynamasından əldə edilən suyu içmək mədəni qüvvətləndirir, boğaz iltihabının sağalmasına kömək edir və qanda şəkərin miqdarını azaldır. Cəviz saçların tökülməsinin də qarşısını alır. Bunun üçün 10 ədəd cəviz qabığını 1 litr suda 15 dəqiqə qaynatmaq və bu su ilə saçları üç həftə müddətində yumaq lazımdır. Saçlarınızın gücləndiyini və rənginin dəyişdiyini görəcəksiniz. Cəviz ləpəsi qan laxtalanmasını və damar sərtliyini aradan qaldırır, təzyiqi salır, şəkər xəstəliklərində riski azaldır. Şəkərli diabetdə: cəvizin qurumuş yarpağının 1 xörək qaşığı ovuntusunu 1 stəkan qaynar suda 1 saaat dəmləyib yeməkdən 30 dəqiqə qabaq gündə 3-5 dəfə 1-2 xörək qaşığı için. Bu, uzun müddət davam etməlidir.! Bundan başqa cəvizin arakəsmələrini toplayıb spirtli içkinin və ya spirtin içərisində 40 gün qaranlıq yerdə saxladıqdan sonra gündə 1 xörək qaşığı acqarına 15-20 gün içmək də şəkər xəstəliyinə faydalıdır. Cəvizin cavan yarpaqlarından şəkərli diabetdə cövhər (çay), həlim hazırlamaq üçün istifadə edilir. Bu zaman 1 xörək qaşığı quru yarpaq ovuntusuna 2 stəkan su töküb 15-20 dəqiqə qaynadın və gün ərzində için. Cəviz ağacından hazırlanmış stəkanın içərisinə gecədən ilıq su töküb səhərə kimi saxlamaq və səhər tezdən həmin suyu içmək qanda şəkərin miqdarının aşağı salınmasına kömək edir. Cəvizi əncir və qatıqla qarışdırıb yemək orqanizmi təmizləyir. Köhnəlmiş cəvizi bədənin gərilmiş nahiyyəsinə sürtməklə həmin yeri müalicə etmiş olarıq. Yaşıl, yetişməmiş cəvizin suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb müəyyən müddət ağızda saxlamaq ağızdakı yaraları, damaq və diş əti xəstəliklərini, diş qanamasını müalicə edir. Təzə cəviz yarpağını alına sürtmək baş ağrısını kəsir. Cəviz ağacının şirəsi diş ağrısına da xeyirlidir.
Mənbə: https://naxcivanxeberleri.com/cemiyyet/41874-ordubad-cvizinin-faydali-xususiyytlri.html
Əbdül Haşımov
Aynurə Yusifova