Naxçıvan Diyar İnqilab Komitəsi – Naxçıvanda sovet hakimiyyəti qurulması və Naxçıvan SSR-in yaradılması elan edildikdən (1920, 28 iyul) sonra fəaliyyət göstərmiş ali hakimiyyət orqanı olmuşdur. Tərkibinə M. Bəktaşov, A. Qədimov, Q. Əsgərov, F. Mahmudbəyov, Q. Babayev və b. daxil idilər. NİK yaradıldığı gün (29 iyul) Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan edərək Ermənistanın daşnak hökumətinə müraciətində sülh danışıqlarına başlamağı və qan axıdılmasına son qoymağı təklif etmiş (lakin təhqiramiz şəkildə rədd cavabı almışdı), iyulun 30-da diyarın bütün əhalisinə müraciət edərək milliyyətindən və əmlak vəziyyətindən asılı olmayaraq qaçqınların hamısını doğma kənd və şəhərlərinə qayıtmağa çağırmış (onları mütəşəkkil qaydada yerləşdirmək məqsədilə avqustun 23-də NİK nəzdində geniş səlahiyyətli qaçqınlar komitəsi yaradılmışdı), avqust ayında torpaqların milliləşdirilməsini həyata keçirmişdi. Sovet hakimiyyətinin ilk aylarında NİK-in səlahiyyət dairəsi yalnız Naxçıvan qəzasını əhatə edirdi.
1920-ci ilin oktyabrında Ordubad qəzası, dekabrında isə Şərur qəzası daşnaklardan təmizləndikdən sonra həmin qəzalarda da qəza və dairə inqilab komitələri yaradılmış və beləliklə, NİK-in səlahiyyəti bütün Naxçıvan diyarına yayılmışdı. Görünür, məhz elə bu amil NİK-in 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırılmasında əsaslı rol oynamışdı.
1920-ci ilin oktyabrında Azərbaycan SSR Daxili İşlər Komissarlığının təlimatına əsasən NİK yanında daxili işlər, kommunal, ərzaq, səhiyyə, torpaq, maliyyə, maarif, sosial təminat şöbələri, XTŞ və s. yaradılmış, noyabrda maarif şöbəsi Xalq maarif komissarlığına çevrilmişdi. Lakin diyarda totalitar sovet rejiminin möhkəmləndiyi şəraitdə qanunsuz repressiv tədbirlərə də əl atılmış, hələ 1920-ci ilin sentyabrında qeyri-məhdud səlahiyyətli fövqəladə istintaq komissiyası yaradılaraq fəaliyyətə başlamış, nəticədə Azərbaycanın istiqlaliyyət qazanmasında və erməni təcavüzünün dəf edilməsində mühüm xidmətləri olmuş bir çox görkəmli şəxslər (o cümlədən Azərbaycanda sovet təqiblərindən yaxa qurtarmaq üçün Naxçıvana gəlmiş və bir müddət hətta NİK sədrinin müavini işləmiş Həbibbəy Səlimov, Naxçıvan Milli Komitəsinin sədri Cəfərquluxan Naxçıvanski, onun qardaşı Rəhimxan və b.) amansız təqiblərə məruz qalmış, edam, yaxud sürgün edilmişdilər.
NİK 1921-ci ilin sentyabrınadək yoxsul komitələri və sovetlərin təşkili dövründə tam səlahiyyəti ilə fəaliyyət göstərmiş, sentyabrın 10-da Naxçıvan MİK və XKS təşkil edilərək fəaliyyətə başladıqdan sonra isə onlarla paralel fəaliyyət göstərməkdə davam etmişdi. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Mənbə: http://dgk.nmr.az/az/page/52/