Naxçıvan Muxtar Diyarı, Naxçıvan Muxtar Ölkəsi – Naxçıvan SSR-in Azərbaycan SSR-in tərkibində muxtariyyəti statusunun rəsmiləşdirilməsinin növbəti mərhələsində (1923, 27 fevral – 1924, 9 fevral) totalitar sovet rejiminin təzyiqi altında yaradılmış muxtar qurum; Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinin ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını, onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-in protektoratlığı altında təşkil edilməsini deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini nəzərdə tuturdu. İlk dəfə 1922-ci ilin dekabrında Cənubi Qafqaz (Zaqafqaziya) I Sovetlər qurultayında irəli sürülmüş və müvafiq qərar qəbul edilmiş, 1923-cü ilin yanvarında isə Rusiya Kommunist (bolşevik) Partiyası Cənubi Qafqaz Diyar Komitəsi həmin məsələni müzakirə edərək Cənubi Qafqaz I Sovetlər qurultayının qərarına əsasən Naxçıvan SSR muxtar vilayətə çevirməyi Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə tövsiyə etmişdi. Bundan sonra nəhəng təbliğat maşını işə salınmış, Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan Diyar Komitəsinin 1923-cü il 5 fevral tarixli qərarı ilə həmin məsələ “ümumxalq müzakirəsinə” verilmiş və “zəhmətkeşlər tərəfindən yekdilliklə bəyənildikdən” sonra Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan Diyar Komitəsinin Rəyasət Heyətində (20 fevral) və Azərbaycan Kommunist (bolşevik)Partiyası Naxçıvan diyar təşkilatının III qurultayında (23 fevral) təsdiq edilmişdi. III Ümumnaxçıvan Sovetlər qurultayı (1923, 27 fevral) partiya orqanlarının həmin qərarı “müzakirə edərək” Naxçıvan SSR muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilməsi barədə müvafiq qətnamə və bəyannamə qəbul etmişdi. Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi, Xalq Komissarlar Soveti və bütün komissarlıqları buraxılmış, diyarı idarə etmək üçün 17 üzv və 7 namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi (NDİK) seçilmişdi; Naxçıvan, Şərur və Ordubad qəzaları ləğv edilmiş və Naxçıvan Muxtar Diyarının bütün ərazisi altı dairəyə – Tumbul, Cəhri, Əbrəqunus, Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdü.
1923-cü il iyunun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sessiyası Naxçıvan Sovetlər qurultayının Naxçıvan diyarının muxtariyyət hüquqları əsasında Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında xahişini bəyənərək Naxçıvan Muxtar Diyarı haqqında Əsasnamə qəbul etmişdi. Diyarda ali hakimiyyət orqanı Naxçıvan Diyar İcraiyyə Komitəsi tərəfindən ildə bir dəfə çağırılan Naxçıvan Diyar Sovetlər Qurultayı (NDSQ) idi. Ali icraedici və sərəncamverici orqan sayılan Naxçıvan Diyar İcraiyyə Komitəsi Naxçıvan Diyar Sovetlər Qurultayı qarşısında hesabat verirdi. Naxçıvan SSR-in ləğv edilmiş xalq komissarlıqları əvəzinə Naxçıvan Diyar İcraiyyə Komitəsinin torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və s. şöbələri yaradıldı.
Naxçıvan Muxtar Diyarı daha çox inzibati-ərazi muxtariyyəti prinsiplərinə uyğun idi və yüksək milli-ərazi muxtariyyəti tələblərinə az cavab verirdi. Halbuki ərazicə Azərbaycandan ayrı salınmış Naxçıvan diyarına geniş səlahiyyətli siyasi hüquqlar verilməsi bilavasitə 1921-ci il Moskva və Qars müqavilələrinin şərtlərindən irəli gəlirdi. Naxçıvanın muxtariyyəti məsələsinə yenidən baxılması, görünür, elə məhz bu zərurətdən doğmuşdu. 1923-cü il dekabrın 31-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi; qərar Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin yanvar 1924-cü il tarixli birinci plenumunda təsdiq edildi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan MSSR-ə çevrilməsi təsbit edildi.
Mənbə: http://dgk.nmr.az/az/page/52/