Naxçıvan Muxtar Respublikasının tarixi iki dövrə ayrılır:
1. Sovet dövrü (1924-1991-ci illər);
2. Müstəqillik dövrü (1991-ci ildən yaşadığımız günlərədək).
Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra, Kreml rejimi 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarmı həyata keçirdi. Nəticədə Muxtar Respublikanın ərazisi daha da azaldıldı. Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisi 5.365 kv.km-dir. Bu, Azərbaycan Respublikası ərazisinin 6,2%-nə bərabərdir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
1941-1945-ci illər müharibəsinədək Muxtar Respublika əhalisinin sayı 130 min nəfərdən çox olmuşdur. Müharibə əhalinin artım sürətinə mənfi təsir göstərmişdir. Muxtar Respublika əhalisinin artım sürəti 1939-cu ildəki 21,8 mindən 1959-cu ildə 14,7 minə enmişdir. Həmin ildə Azərbaycan SSR əhalisi içərisində Naxçıvan MSSR əhalisinin payı da ən aşağı həddə düşmüş – 3,82% olmuşdur. 1970-ci ildə əhalinin sayı 200 minlik həddi keçmişdir. 1989-cu ildə Muxtar Respublika əhalisinin sayı 295,1 min nəfər olmuş, Naxçıvan əhalisi Azərbaycan SSR əhalisinin 4,19 %-ni təşkil etmişdir. SSRİ-nin dağılması ərəfəsində Naxçıvan MSSR əhalisi 300 mindən çox olmuşdur. Naxçıvan əhalisinin təxminən üçdə bir hissəsi şəhərlərdə, qalanı isə kənd yerlərində yaşayırdı. Sovet hakimiyyəti illərində Naxçıvan əhalisi olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə qarşılaşmışdır. Bütün bu problemlər təəssüf ki, ən yeni tarix ədəbiyyatında da öz əksini tapmamışdır. Heydər Əliyev demişdir: “… bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha da dəhşətli, faciəli olubdur… Azərbaycan hakimiyyəti tərəfindən Naxçıvana qarşı ədalətsizliklər də olubdur… Naxçıvanın hüquqlarını daim məhdudlaşdırmaq istəyiblər”.
1920-30-cu illər Naxçıvan tarixinin ağır dövrlərindəndir. Həmin illərdə Naxçıvanın idarə edilməsi, ilk vaxtlar, Azərbaycan MİK-in 1924-cü ilin aprelində qəbul etdiyi Əsasnamə ilə tənzimlənirdi. Həmin əsasnamə 1926-cı il aprelin 18-də Ümumnaxçıvan Sovetlər qurultayının qəbul etdiyi Naxçıvan MSSR-in birinci Konstitusiyasınadək qüvvədə olmuşdu. Sonra isə SSRİ və Azərbaycan SSR Konstitusiyalarının dəyişdirilməsi ilə əlaqədar olaraq 1937-ci il sentyabrın 17-də Naxçıvan MSSR-də yeni Konstitusiya qüvvəyə minmişdi.
1920-30-cu illərin repressiyaları Naxçıvanda da çox ağrılı keçmişdir. Bu qanlı faciələrin şahidi olmuş Heydər Əliyev sonralar deyirdi:
“… mən o günlərin şahidiyəm. Mən Naxçıvanda yaşayırdım. Bizim qonşularımızı iki günün içində gətirib ağlaya-ağlaya avtomobillərə doldurdular, çıxarıb Arazın o tayına saldılar. Mən 1937-1938-ci illərdə Naxçıvandan siyasi motivlər üzrə Orta Asiyaya sürgün olunanları da görmüşəm. Onlar orta məktəbdə mənimlə bir yerdə oxuyan qızlar, oğlanlar idi, göz yaşları içində gəlib bizimlə vidalaşırdılar. Biz də başa düşmürdük, gəlib yola salanda görürdük ki, bir günün içərisində onların evlərində-eşiklərində nə vardısa töküb-dağıdıb, onları avtomobillərə doldurub sürürlər”.
Sovet dövründə Naxçıvanın əhalisi kimi ərazisinə qarşı da qəsdlər davam etdirilirdi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, ümumiyyətlə, 657 kv.km torpaqları Ermənistana verilmişdir. Naxçıvana qarşı ərazi qəsdləri 1930-cu ildə də davam etdirildi: Əldərə, Lehvaz, Astazur, Nüvədi və b. Azərbaycan torpaqları hesabına Ermənistanın Mehri rayonu yaradıldı.
Naxçıvan MSSR 1941-1945-ci illər müharibəsi dövründə faşizm üzərində qələbəyə layiqli töhfələr vermişdir. Naxçıvandan olan Nəcəfqulu Rəfiyev (1912-1970), Qəzənfər Əkbərov (1917-1944), Abbas Quliyev (1916-1998) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə igid müharibə cəbhələrində faşizmə qarşı şərəflə vuruşmuşdur. Əslən Naxçıvandan olan böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzin sovet aviasiyasının faşist ordusu üzərində qələbəsində həlledici rol oynamışdır.
İkinci Dünya müharibəsində Azərbaycanın, o cümlədən Naxçıvanın faşizm üzərində qələbəyə göstərdiyi tarixi xidmətlərə baxmayaraq, ölkənin mənəvi-siyasi həyatında ciddi dəyişiklik baş vermədi. Sovet hökuməti Azərbaycana qarşı ədalətsiz siyasətini, ayrı-seçkiliyi davam etdirdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən öz ata-baba torpaqlarından deportasiyası həyata keçirildi. 1968-1969-cu illərdə ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. Lakin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ermənilərin bu planlarının reallaşdırılmasına imkan vermədi.
Sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikanın, o cümlədən Naxçıvanın həyatında yüksəliş dövrüdür. 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş verdi. Bu dövrdə SSRİ və Azərbaycan SSR Konstitusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni Konstitusiyası (1978-ci il) qəbul edildi.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yeni ərazilər qoparmaq planları baş tutmadı. Lakin Heydər Əliyev Azərbaycan rəhbərliyindən getdikdən sonra 1985-ci ildə bu bədnam niyyət baş tutdu: digər Azərbaycan əraziləri ilə birlikdə Naxçıvanın da bir qisim torpaqları Ermənistan SSR-ə verildi.
1987-ci ildə Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi sıralarından uzaqlaşdırıldı. Bu addımın siyasi mənasını Azərbaycanın o zamankı rəhbərliyi dərk edə bilmədi. Tarix isə öz işini gördü. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından dərhal sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda aqressiv separatçılıq hərəkatı başlandı. Bunun ardınca SSRİ rəhbərliyinin hərtərəfli kömək göstərdiyi Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda dinc əhaliyə divan tutmasından bir neçə saat əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. Azərbaycan ilk şəhidlərini Naxçıvanda verdi. Kərki kəndi ermənilər tərəfindən işğal olundu. Naxçıvanda muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında müstəsna qərar qəbul edildi. Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin səhəri günü Heydər Əliyev verdi.
Vətənin dar günündə özünü Bakıya yetirən və Kreml rejiminə yarınan Azərbaycan rəhbərliyinin xəyanəti nəticəsində paytaxtda qala bilməyən Heydər Əliyevin Naxçıvana qayıtması 1990-1993-cü illərdə Naxçıvanı ermənilərin işğal təhlükəsindən xilas etdi. Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev, eyni zamanda bütün Azərbaycanın ümid çırağı idi. Onun 1991-ci ilin fevralında Ali Sovetin sessiyasında çıxışı, SSRİ-nin saxlanmasına dair referendumun Naxçıvanda keçirilməməsi buna parlaq sübutdur.
1991-ci il sentyabrın 4-də, özünün etirazlarına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi özünə sədr seçdi. Naxçıvanda sovet hakimiyyəti ləğv edildi. Azərbaycan Respublikası prezidenti seçkilərini Naxçıvanda keçirməmək haqqında qərar qəbul olundu. Ali Məclisin 5 sentyabr 1991-ci il tarixli iclasında Muxtar Respublikanın xalq təsərrüfatında yaranmış gərgin vəziyyət, onu normallaşdırmaq və böhran vəziyyətindən çıxarmaq tədbirləri müzakirə edildi. Siyasi fəallığın konkret iqtisadi şərtlərlə təmin edilməsi Heydər Əliyev dövlətçilik təfəkkürünün parlaq təzahürü idi.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası tarixinin məna və mahiyyətinə görə bir-birindən kəskin surətdə fərqlənən iki dövrü bir-birindən ayrılırdı – sovet dövrü başa çatır, xalqın arzusunda olduğu müstəqillik dövrü başlanırdı. Naxçıvanda yeni Azərbaycanın quruculuğu prosesi gedirdi. Bu tarixi prosesə ulu öndər Heydər Əliyev başçılıq edirdi.
Mənbə: http://dgk.nmr.az/az/page/52/